Rafiq ODAY.”DÖNÜB QAYIDASAN ONSƏKKİZİNƏ”

9-11-2019, 11:00
72


DÖNÜB QAYIDASAN ONSƏKKİZİNƏ

Dünyanın bu asfalt üzündən bezib,
Yalanından bezib, düzündən bezib,
Birindən, beşindən, yüzündən bezib,
Dönüb qayıdasan onsəkkizinə.

Çıxasan bir hündür dağın qaşına,
Əlvida deyəsən ömrün qışına.
Xəbər yollayasan Simurq quşuna, -
Minib qayıdasan onsəkkizinə.

Üstünə köpəklər hürməsin deyə,
İşgəncə bu qədər sürməsin deyə,
Namərdlər, nakəslər görməsin deyə,
Sinib qayıdasan onsəkkizinə.

Rüzgarlar qənimdi süs qumluqlara,
Sirrini söyləmə, sus, qumluqlara,
Tövbə eyləyəsən susqunluqlara,
Dinib qayıdasan onsəkkizinə.

Düşəsən şöhrətin köhlən atından,
Silib tullayasan nə var yadından,
Əl üzüb göylərin yeddi qatından,
Enib qayıdasan onsəkkizinə.


Mənbə: Rafiq Oday

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: