Çində koronavirusla bağlı vəziyyətin yaxşılaşması qeydə alınıb

12-03-2020, 02:30
113

Çində koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşmaya doğru aşkar tendensiya nümayiş etdirir: son sutka ərzində xəstəlikdən 1578 nəfər sağalıb, cəmi 24 yoluxma və 22 ölüm halı qeydə alınıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Çinin Gigiyena Məsələləri və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə 80,7 min nəfər koronavirusa yoluxub. Onlardan 61,4 min nəfəri sağalıb, ölənlərin sayı isə 3 min 158 nəfərə çatıb. Yenilənmiş məlumatlara əsasən, Çində virusdan ölüm hallarının nisbəti 3,9 faiz, sağalma hallarının nisbəti 76,1 faizdir.
Çin xaricində ən iri infeksiya ocağına çevrilən İtaliyada isə koronairusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Burada son sutka ərzində xəstəlikdən 168 nəfər ölüb. Epidemiyanın başladığı dövrdən bu yana 10 mindən çox insan virusa yoluxub, mindən artıq insan sağalıb, 631 nəfər həyatını itirib.
Cənubi Koreyada son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 242 nəfər, ölənlərin sayı 6 nəfər təşkil edib. Ümumilikdə isə ölkədə 7755 yoluxma və 60 ölüm faktı qeydə alınıb.
Türkiyə, Boliviya, Konqo və Yamaykada da koronavirusa ilk yoluxma halları müəyyən edilib və beləliklə infeksiya dünyanın 110 ölkəsini bürüyüb.
Yoluxanların sayının 975-ə, ölənlərin sayının isə 31-ə çatdığı ABŞ-da koronavirusun yayılması prezident postuna namizədlərin irəli sürülməsi prosesinə də təsir göstərib. Demokratlar partiyasının namizədləri - sabiq vitse-prezident Cozef Bayden və Vermont ştatından olan senator Berni Sanders infeksiya təhlükəsi səbəbindən altı ştatda ilkin seçkilərin keçirilməsi ilə bağlı mitinqləri ləğv ediblər. İkinci müddətə namizədliyini irəli sürmək üçün kampaniya aparan ABŞ-ın fəaliyyətdə olan respublikaçı Prezidenti Donald Tramp isə seçkiqabağı tədbirlərini təxirə sala bilər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: