Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri İsmayıl İMZANZADƏ.Seçilmiş şeirlər

27-03-2020, 05:00
36

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Rayonun işğalından sonra müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıb.Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir.

Nədənsə

Yoxmuş insanlığın “əlinin duzu”,
Yaxşılıq nədənsə tez yaddan çıxır.
Xoş söz əritməsə qəlbdəki buzu,
Sonda qaşınmayan yerdən qan çıxır.

Şirin xəyallarla ovunur insan,
Kim deyir yalanın ömrü az olur?
Ürək heydən düşüb üzüləndə can,
Adamın çöhrəsi tanınmaz olur.

Ömrü uzun imiç nisgilin-qəmin,
Dərd əhli bilir ki, sızlamaq nədir.
Nədənsə əzəldən bir ağlı kəmin,
Bəxti yeyn olur-çox qəribədir...

Sönür əzəl-axır od da, ocaq da,
Şan-şöhrət çoxunu yaman çaşdırır.
Zülmət kök atanda küncdə-bucaqda,
Şüşə parçası da göz qamaşdırır.

Vaxt-vədə bir yeyin köhnə fırfıra,
Qarışıq səslərdən baş gicəllənir.
Yerlər səhv düşəndə pozulur sıra,
Əcəl qəfil gəlir, kəsilir hənir.

Gizli bir ucu var hər müşkül işin,
Ürək korun-korun yanan ocaqdır.
Sevinc-qüssə yüklü ömür sərnişin,
Ölümsə sonuncu dayanacaqdır.

Necə deyim

Mənmi suçlu, sənmi haqlı,
Bu sual bir az maraqlı.
Hardaydın sevgi soraqlı
Evimiz tikilən vaxtı?

Nəyin əskik idi, nəyin
Sızladımı heş ürəyin?
Qeyb oldun gülün-çiçəyin
Seçilib əkilən vaxtı.

Rəngi solanda üzümün,
Qay yağdı üstə izimin.
Gəlib çıxmadın gözümün
Yollara dikilən vaxtı.

Dilimdən düşmədi adın,
Nəyə gərəkmiş inadın?
Sütunum-tağım olmadın
Belimin bükülən vaxtı.

Sən idin arzum-diləyim,
Dilimdən düşmür gileyim.
Bilmirəm sənə nə deyim
Dişimin tökülən vaxtı.

İtən səsim-ünüm idi,
Dərd “uzunum-enim” idi.
Mənim ölən günüm idi,
Sən qeybə çəkilən vaxtı...

NƏ VAR Kİ...

Keçir dərd içində hər vaxtım-vədəm,
Düşməni qorxutmur qarğışım, hədəm.
Kəsiblər qarşımı, qoymurlar gedəm-
Haqqın ətəyindən tutub ölməyə.

Ta burdan o yana bağlıdır yolum,
Bir acı sözlə də dəyişir halım.
Məni qınamayın, yoxdu macalım-
Şeirlə başımı qatıb ölməyə.

Vaxtsız əcəl yola qəfildən çıxır,
Adam var çörəyi qəbirdən çıxır.
Rur da bədəndən ta birdən çıxır-
Qoymur ha, adamı yatıb ölməyə.

Yamanlıq artdıqca sızıldayır can,
Şeytandan mərhəmət diləyir hər yan.
Asılan yoxdursa dar agacından-
Nə var ki, yüyürüb-yortub ölməyə?..

Dəyişib dünyanın əzəli-ilki,
Heç nə yuya bilmir qəlbdəki çirki...
İllər  elə gəlib, elə keçir ki-
Vaxt qalmır arzuya çatıb ölməyə.

NAR ÇİÇƏYİSƏN

(Şairə Gülnarə Acalovaya)

Ömrümüz elə hey cəngdə-savaşda,
Bir kəlmə xoş sözlə isinər daş da.
Görəndə, sandım ki, şaxtalı qışda,
Yazdan soraq verən qar çiçəyisən.

Nə dərd azalandı, nə ömrün yükü,
Bu fani dünyada   xoşbəxt ol təki...
Bilmirəm, bəlkə də bir ürəkdəki
Sevgiyə sığınan “yar çiçəyi”sən?

“Rənginə” bələdsən qaranın-ağın,
Qəlbində dil açır aranın- dağın.                          
Doğma övladların yaşıl yarpağın,
Heç vədə solmayan bar çiçəyisən...

Tanrıdır ən gizli sirri açdıran,
Zərif duyğulardır qəlbi coşduran.
Ulu Borçalıda göz qamaşdıran
Bir lalə yanaqlı Nar Çiçəyisən.

26.03.2020 
                
SÖZ

Cavabsızdı “nə üçün”lər, “nədi”lər,
Haqqımızı çeynədilər, yedilər.
Üz qaraldar əzəl-axır dedilər-
Bic doğulan yalan kəlmə, yalan söz.

İsidəcək canımızı təzədən,
Kəsdirəcək yanımızı təzədən,
Duruldacaq qanımızı təzədən-
Bulud kimi kövrələn söz, dolan söz.

Nizamidən, Füzulidən söz açdı,
Xətainin qılıncında iz açdı.
Məmməd Araz hikmətində göz açdı-
Zaman-zaman qiymətini alan söz.

Zərifliyi bir bənövşə həyası,
Selə dönsə sal daşları oyası.
Sönən deyil közərtisi, ziyası-
Yaşayacaq bizdən sonra qalan söz.

ŞƏLALƏ

Dərələrə sığışmayır harayı,
Tunc sinəli sərt qayalar “sarayı”.
Gah günəşi sehrləyir, gah ayı-
Bu gözəli saçlarından kim asıb?

Dağ döşündə düşüb qalan aynadır,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır-
Bu gözəli saçlarından kim asıb?

O, dağlarda bir gözəllik allahı,
Qəlb sızladan nə dərdi var, nə ahı.
Bilən varmı axı, nədir günahı-
Bu gözəli saçlarından kim asıb?

Şırıltısı havalanan xoş səsi,
Möcüzədir bu ilahi töhfəsi.
Qorxudanmı avazıyıb çöhrəsi-
Bu gözəli saçlarından kim asıb?

Nə nərgizə, nə laləyə dönübdü,
Kim deyir ki, piyaləyə dönübdü?
Sızlayanda şəlaləyə dönübdü-
Bu gözəli saçlarından kim asıb?..

Qız

Gözlərimdən damla-damla töküldü,
Kölgə kimi harayasa çəkildi.
Rəngi solmuş xatirədi, şəkildi-
Həsrətimdə göyərən qız, bitən qız.

Ocaq idim, isinmədi közümə,
Ha səslədim, bənd olmadı sözümə.
Xəyalımda gülümsəyib üzümə-
Gözlərimin qabağından ötən qız...

Mən bir yorğun yolçu idim, sən çapar
Çıxıb getdin... saşlarıma yağdı qar.
Ürəyimdə közün qalıb gəl apar-
Ay illərin zülmətində itən qız.

BƏSİMDİR

Get yaxşı yol, bir də sevsən hər kimi,
Qoy, sevincin şəfəq saçsın zər kimi.
Təkcə mənim ilk sevgimi sirr kimi-
Ömrün boyu saxlasan da bəsimdir.

Həsrətindən dodaqlarım çatlayıb,
Sızlayıram dizlərimi qatlayıb.
Xəyalında səddi keçib, adlayıb-
Hərdən məni yoxlasan da bəsimdir.

Sənsiz demə bir yanıqlı dilmişəm,
Tənhalıq da göz yaşıymış-bilmişəm.
Eşitsən ki, həsrətindən ölmüşəm-
Bircə ağız ağlasan da bəsimdir...

GEDİRSƏN

De, nəyə gərəkmiş axı, bu sitəm
İsitməz ürəyi nə kədər, nə qəm.
Niyə üzün döndü, deyə bilmirəm-
Sel kimi kükrəyib-daşıb gedirsən.

Dönük bir sevginin beləysə ilki,
Zülmətdə qərq olar sonu da, bil ki...
Ürəyim üzünə bağlı deyil ki-
Sən niyə gözümdən düşüb gedirsən?..

POZULUR

Başda hökm eləyir qarın,
Hüdudu görünmür varın.
Şər dinəndə yaxşıların –
Cərgəsi - səfi pozulur.

Zülmət minbər, dərd azançı,
Yalğquzağa dönür sancı.
Kiminin artır qazancı –
Kiminin nəfi pozulur.

Göylər solğun çöhrə kimi,
Ömür  yağsız cəhrə kimi...
Yer çalxanır nəhrə kimi –
Dünyanın kefi pozulur.

25.03.2020


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: