ADİU-da "Virtual müəssisə"nin açılışı olub

19-11-2015, 06:00
1 184

http://www.azerbaijan-news.az/images/contents/6dd67b960966edbd18a703606934a9ba.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində "Virtual müəssisə" yaradılıb.
Noyabrın 18-də "Virtual müəssisə"nin açılışı olub.
Açılış mərasimində ADİU-nun rektoru, professor Ədalət Muradov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışıb.
Rektor, eyni zamanda, "Virtual müəssisə" barədə məlumat verib. Qeyd edilib ki, "Virtual müəssisə"nin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq və işgüzar bacarıqları inkişaf etdirməkdir.
Bildirilib ki, təcrübə zamanı tələbələrə iqtisadi qanunvericilik, kommersiya hüququ, bank işi, mühasibat uçotunun beynəlxalq standartları və s. barədə təlimlər keçiriləcək, onlar əmək bazarının tələblərinə uyğun hazırlanacaqlar. İştirakçıların müəssisələrin maliyyə-mühasibatlıq bölmələrində istifadə olunan müasir proqram təminatlarına yiyələnmələrinə və istifadə etmələrinə şərait yaradılacaq. Eyni zamanda, virtual müəssisənin standartlarına uyğun olaraq müxtəlif maliyyə, mühasibat, vergi, bank əməliyyatları həyata keçiriləcək, marketinq tədqiqatları aparılacaq. Müxtəlif ölkələrdəki virtual müəssisələrlə əməkdaşlıq və biznes əlaqələri qurulacaq. Bu isə iştirakçıların beynəlxalq biznes mühitini bilən kreativ menecerlər kimi yetişmələrinə kömək edəcək.
Təhsil naziri Mikayıl Cabbarov müasir dünyada təhsilin mühüm rolunu, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini vurğulayıb. Təhsilin, o cümlədən ali təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən bəhs edən nazir hər bir tələbənin, məzunun ixtisas bacarıqlarını reallaşdırması və təkmilləşdirməsi üçün virtual müəssisələrin yaradılması təcrübəsinin əhəmiyyətli olduğunu, bunun gənclərin karyera taleyində mühüm rol oynadığını diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə iqtisadiyyatında gənclərin məşğulluğunun artırılmasının, onların əmək potensialından səmərəli istifadə olunmasının Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas komponentlərindən olduğunu vurğulayıb.
S.Müslümov nazirlik tərəfindən həyata keçirilən fəal məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin gənclərlə bağlı olduğunu qeyd edib. Gənclərin məşğulluğunun təmin olunması, onların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri sahəsində görülən işləri diqqətə çatdıran nazir, həmçinin tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında fəal məşğulluq tədbirlərinin davam etdirildiyini söyləyib.
ADİU-da "Virtual müəssisə"nin açılmasının əhəmiyyətindən danışan nazir bildirib ki, bunun üçün müvafiq otaqlar ayrılaraq kompyuter və digər lazımi avadanlıqla təchiz edilib, beynəlxalq ekspertlər tərəfindən bu təcrübə müəssisələrində çalışacaq müəllimlər üçün müvafiq təlimlər keçirilib.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşşenko ölkəmizdə tətbiq olunan bu yeni təcrübənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.
Sonra "Virtual müəssisə"nin fəaliyyətinə baxış olub. Bu təcrübə müəssisəsi haqqında ümumi məlumat verilib və nümunə kimi Avropanın virtual müəssisələrindən biri ilə onlayn rejimdə biznes əməkdaşlığına dair ticarət sövdələşməsi aparılıb, layihənin Xəzər Universitetindəki mərkəzi ofisi ilə işgüzar sənəd dövriyyəsi təşkil edilib. "Virtual müəssisə"nin təcrübəçiləri olmuş və karyeralarına uğurla başlamış tələbə və məzunlar fikirlərini bildiriblər.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında anlaşma memorandumunun imzalanması ilə yekunlaşıb. Sənəddə tələbələrə və ali təhsilli gənc mütəxəssislərə peşəyönümü və karyera barədə məsləhət xidmətlərinin göstərilməsi, interaktiv tədrisin yaxşılaşdırılması, təcrübə şirkətləri-virtual müəssisələr yaradılması yolu ilə tələbə və ali təhsilli gənc mütəxəssislərə əmək bazarı reallıqlarının nümayiş etdirilməsi, əmək bazarının tələblərinə uyğun aidiyyəti proqramların hazırlanmasında iştirak və digər əməkdaşlıq istiqamətləri əksini tapıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: