AzTU İjevsk Dövlət Texniki Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-11-2015, 19:00
844

http://www.azerbaijan-news.az/images/contents/bd43bc3d52541e7fa8377614ef9ba71d.jpg


Azərbaycan-Rusiya Universitetlərarası Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan M.Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və bu ali məktəbin maşınqayırma fakültəsinin dekanı Yuri Brızqalov noyabrın 20-də Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ali məktəb arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədi AzTU-nun rektoru, professor H.Məmmədov və B.Yakimoviç imzalayıblar.
Müqavilədə hər iki universitetin birgə tədqiqatlar aparması, qarşılıqlı maraq doğuran layihələr hazırlaması, müdafiə sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrları hazırlığını intensivləşdirməsi nəzərdə tutulur. Eyni zamanda, sənədə əsasən, bu ali məktəblər arasında birgə elmi və texniki konfranslar, simpozium, sərgi və seminarlar təşkil etmək, müştərək tədris proqramları hazırlamaq, ikili diplomlar vermək qərara alınıb.
AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, yüksəkixtisaslı mühəndis kadrları hazırlığı sahəsindəki fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, ölkəmizin müdafiə sənayesinin müəssisələri üçün yüksəkixtisaslı mühəndis kadrları hazırlamaq məqsədilə bir neçə il bundan əvvəl AzTU-da xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Həmin fakültə ilə eyniprofilli ali məktəblər arasında sıx elmi əməkdaşlıq yaradılması bu gün xüsusi əhəmiyyət daşıyır.
Professor B.Yakimoviç AzTU-da yaradılan yeni fakültənin fəaliyyəti haqqında internet vasitəsilə öyrəndiklərini, imzalanan müqavilənin hər iki universitetə fayda verəcəyini qeyd edib.
Sonra iki ali məktəb arasında təhsil, elmi tədqiqat və akademik mübadilələr sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib. Bildirilib ki, təhsilin və elmi tədqiqatların səviyyəsini yüksəltmək ali məktəblərin qarşısında duran başlıca vəzifələrdəndir. Əməkdaşların ixtisas dərəcəsini artırmaq, tələbə və aspirantların mübadiləsini genişləndirmək, ətraflı informasiya mübadiləsi yaratmaq ümumi işə fayda verəcəkdir.
Qonaqlar AzTU-da yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən foto-eksponatlarla tanış olublar.
Professor B.Yakimoviç mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İjevsk Dövlət Texniki Universitetinin nümayəndələri AzTU-da olarkən Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, İjevsk, Tula, Ryazan şəhərlərinin universitetləri arasında Kalaşnikov mühazirələri mövzusunda telekörpü keçirilib. Bildirilib ki, Azərbaycan Texniki Universiteti də ənənəvi keçirilən bu telekörpünün tamhüquqlu iştirakçısı olacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: