Azərbaycan ictimaiyyəti sabitliyi və vətəndaş həmrəyliyini pozmaq cəhdlərini qətiyyətlə pisləyir

28-11-2015, 11:30
761

http://www.azerbaijan-news.az/images/contents/d02e76b5b218a97b5384650b9e8204e8.jpg


Daxili İşlər Nazirliyi (DİN) tərəfindən paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı asayiş keşikçilərinə silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev noyabrın 27-də ikinci Fəxri xiyabanda dəfn olunublar.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, DİN-in digər yüksək rütbəli şəxsləri, hüquq- mühafizə orqanlarının əməkdaşları, mərhumların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ећəhid polis işçilərinin cənazələri torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb, Azərbaycanın Dövlət himni səsləndirilib. Məzarların üzərinə ayrı-ayrı təşkilatlar adından əklillər qoyulub, tər çiçəklər düzülüb.
Xatırladaq ki, noyabrın 26-da Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetiriblər. Əməliyyat zamanı polis serjantları Vüqar Nəsibov və İsmayıl Tağıyev qəhrəmancasına həlak olublar.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Vüqar Nəsibovun və İsmayıl Tağıyevin ölümlərindən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Cinayətin bütün iştirakçılarının, o cümlədən qanunsuz silahlı dəstəyə kömək edən şəxslərin müəyyənləşdirilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir. Bildirilir ki, ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, istənilən mütəşəkkil cinayətkar dəstənin və ya birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Ölkə ictimaiyyətində böyük narahatlıq və hiddət doğuran bu hadisə Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən etirazla qarşılanır. Respublikamızın ziyalıları, müharibə veteranları, müxtəlif peşə sahibləri, gənclər bu hadisədən hiddətləndiklərini bildirir və dünyada tolerantlığın, multikulturalizmin nümunəsi hesab edilən Azərbaycanda din pərdəsi altında silahlı təxribatlar törətmək, qarşıdurma yaratmaq istəyən ekstremist qüvvələrin cəhdlərinin qarşısının qətiyyətlə alınacağına əminliklərini ifadə edirlər.
Ећəhid polis əməkdaşlarının dəfn mərasimində iştirak etmək üçün ikinci Fəxri xiyabana gələn, polis serjantı Vüqar Nəsibovun yaxın qohumu Dursun Nəbiyev belə cəhdləri kəskin şəkildə pisləyərək deyib: "Biz Azərbaycanda tarixən hökm sürən sabitliyi, əmin-amanlığı, tolerantlıq mühitini pozmaq istəyən məkrli qüvvələrin əməllərinə qəti etirazımızı bildiririk. Azərbaycandakı sabitliyi, vətəndaş həmrəyliyini, inkişafı müəyyən qara qüvvələrin gözü götürmür. Ona görə də onlar müxtəlif vasitələrlə ölkəmizdə qarışıqlıq salmaq, təxribatlar törətmək istəyirlər. Lakin həmin qüvvələr və onların əlaltıları bilməlidirlər ki, ölkəmizdə mövcud olan tolerantlıq mühitini, vətəndaş həmrəylini pozmaq istəyən qüvvələrin istənilən cəhdlərinin qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınacaq".
Sadə insanlar, paytaxt sakinləri də Nardaranda törədilən qanlı cinayətin cəmiyyəti dərindən sarsıtdığını vurğulayıblar. Paytaxt sakini İsfəndiyar Əliyev bu barədə danışaraq deyib: "Nardaran hadisələri ölkəmizdə sabitliyi pozmağa yönəldilmiş təxribatdır. Din pərdəsinə bürünənlər bununla öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq istəyirlər. Belə şəxslərin ölkəmizdə milli, dini zəmində mövcud olan sabitliyə zərbə vurmaq cəhdləri bütün ölkə ictimaiyyətini hiddətləndirib. Silaha əl atan, zordan istifadə edən bu cür mənfur niyyətli insanlar hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər".
Polis əməkdaşlarının həlak olması ilə nəticələnmiş hadisə yaşlı nəslin nümayəndələrində də dərin təəssüf və qəzəb hissi doğurub. Böyük Vətən müharibəsi veteranı Mirzəxan Hüseynov keçirdiyi hissləri dilə gətirərək deyib: "Azərbaycanda sürətli inkişafı, əmin-amanlığı, rifahı gözü götürməyən qüvvələr min bir hiylə və məkrlə ölkəmizdə qarşıdurma yaratmaq istəyir, yerlərdəki əlaltılarını silahlandıraraq, hakimiyyətə qarşı qaldırır, əmin-amanlığı pozmağa cəhd göstərirlər. Din pərdəsi altında cinayətlər törədən, qanunları kobud şəkildə pozan bu cür ünsürlər əslində dinin, İslamın düşmənləridir. Bütün dinlər, eləcə də İslam dini silaha və zora əl atılmasının, günahsız insan qanının axıdılmasının əleyhinədir. Ölkə ictimaiyyəti də, qanunlarımız da bu qanlı hadisələri törədənlərin ciddi şəkildə cəzalandırılmasını tələb edir".
Ölkə gəncləri də Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi, demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup silahlı şəxs tərəfindən törədilmiş qanlı hadisəni kəskin şəkildə və qətiyyətlə pisləyirlər. Onların fikrincə, sadə insanları təxribatlara cəlb etmək istəyən cinayətkar ünsürlərin cəmiyyətdə heç bir dayaqları yoxdur.
Nardaran qəsəbəsində baş verən hadisələrdən çox narahat olduğunu və belə halları kəskin pislədiyini bildirən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf gənclərin bununla bağlı mövqeyini ifadə edərək deyib: "Tolerantlığın həyat tərzinə çevrildiyi, bütün xalqların və millətlərin nümayəndələrinə bərabər hüquqların təmin edildiyi ölkədə belə hadisələr baş verməməlidir. Din pərdəsi altında hərəkət edən, çirkin niyyətlərini həyata keçirmək üçün silahlı dəstə yaradan şəxslər heç bir dinə mənsub ola bilməzlər. Azərbaycanda tarixən bütün dinlərin, xalqların nümayəndələri dinc, bərabər şəkildə yaşayıb, güclü tolerantlıq, multikulturalizm dəyərləri, ənənələri formalaşıb. Ona görə də ölkəmizdə ictimai-siyasi sabitliyə, tolerantlıq mühitinə qarşı çıxan qüvvələri xalqın bütün təbəqələri, o cümlədən biz gənclər qəti şəkildə pisləyirik. Dövlətçiliyə və sabitliyin pozulmasına yönəlmiş təxribatlar törədən şəxslərin ciddi surətdə cəzalandırılmasını tələb edirik. Axı polisinə qumbara və güllə atanları hansı dövlət bağışlayar?".
Bu gün Azərbaycanın güclü dövlət olduğunu bildirən gənclərimiz qəti şəkildə əmindirlər ki, heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq niyyətləri baş tutmayacaq. Son hadisələr bir daha sübut etdi ki, buna cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: