Masallı ictimaiyyəti: Din pərdəsi altında pozuculuq fəaliyyəti yolverilməzdir

2-12-2015, 04:00
801

http://www.azerbaijan-news.az/images/contents/9eab74b56ec063ed2a0d0118a3536072.jpg


Masallı rayonu ictimaiyyətinin nümayəndələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olmuş müraciətdə deyilir: "Özünü "Müsəlman Birliyi Hərəkatı" adlandıran qondarma qurumun təxribat əməlləri cəmiyyətdə birmənalı olaraq qəzəblə qarşılandı. Ekstremistlərin bu hərəkəti rayonumuzun ictimaiyyəti tərəfindən hiddətə səbəb olub, xəyanətkarların hərəkəti pislənilib.
Biz masallılılar da ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi, demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini Vətənə xəyanət adlandırırıq.
Masallı sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdudur. Azərbaycançılıq məfkurəsinə, milli dövlətçiliyə, Ümummilli Liderin siyasi xəttinə sədaqət hissi vətənpərvərlik və milli mənəvi dəyərlərimizə varislik ənənəsi hamımızın qəlbində yaşayır. Tariximizin parlaq səhifəsində adları şərəflə çəkilən qəhrəmanlarımızın cərgəsində Masallı övladlarının olması qürur doğurur. Fəxr edirik ki, dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda müqəddəs mübarizədə Milli qəhrəmanlarımız, şəhidlərimiz var.
İslam dini bizə "Vətəni sevmək imandandır" fikrini, mənəviyyatını təlqin edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər din pərdəsi altında məkrli hərəkətlərə yol verənlər cinayətkardırlar. Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu bütün dünyaya nümunə olacaq dərəcədədir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün daim cəhdlər göstərsə də, bunun qarşısı qətiyyətlə alınır.
Nardaranda baş verən hadisələr xarici dairələrin göstərişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa bir daha göstərdi. Ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyan bu təxribatın hüquq mühafizə orqanları tərəfindən qarşısı alındı. Xarici dairələrin məkrli niyyətinin alətinə çevrilən müəyyən qrup şəxslərin dövlətçiliyimizə yönələn cinayətlərini biz Masallı ictimaiyyəti - dindarlar, ziyalılar, ağsaqqallar qınayırıq. Bu cür qurumların bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilməlidir. Bu, bizim vətəndaşlıq mövqeyimizdir. Masallılılar bütün məqamlarda olduğu kimi, indi də, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx birləşəcək və belə qruplara qarşı kəskin mübarizə aparacaqlar. Baş verən hadisələr bir daha onu təsdiqləyir ki, beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycanda ictimai sabitliyi pozmaq, tolerant ölkə imicinə zərbə vurmaq qeyri-mümkündür. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu ölkədə hansısa beynəlxalq gücün, hansısa ölkənin dövlətçiliyimizə, müstəqilliyimizə təcavüz cəhdlərinə yol verilə bilməz.
Biz masallılılar baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətləri törədənlərin ciddi cəzalandırılmasını tələb edirik".

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: