Qarsda və İğdırda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

12-12-2015, 17:00
628

http://www.azerbaijan-news.az/images/contents/65e987a11e8f2a925bf9f816515586b0.jpg


Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Qars və İğdır şəhərlərində anım mərasimləri təşkil edib.
Qarsdakı mərasimdə bu vilayətin valisi Günay Özdemir, şəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars vilayətinin polis rəisi Faruk Karaduman, vilayətin jandarma alay komandanı Murat Kınay, şəhərin digər rəsmi qurumlarının rəhbərləri və təmsilçiləri, Qars Qafqaz Universitetinin rəhbərliyi, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türkiyəli tələbələr, KİV-lərin və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasim şəhərin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanıb.
Rəsmi hissə Qars şəhərindəki "Anatolia" mərasimlər mərkəzində keçirilib.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Ayxan Süleymanlı ulu öndər Heydər Əliyevin təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin Azərbaycana bəxş etdiyi böyük nailiyyətlərdən, ölkəmizin və xalqımızın parlaq gələcəyi naminə gördüyü işlərdən danışıb. O, Ümummilli Liderin "Bir millət, iki dövlət" kəlamının Türkiyə ilə Azərbaycan arasında əbədi qardaşlıq körpüsü olduğunu deyib.
Heydər Əliyevin 2002-ci ildə Qars şəhərinə tarixi səfəri çərçivəsində Qars Qafqaz Universitetində olmasını və həmin universitetin fəxri doktoru seçilməsini xatırladan A.Süleymanlı Qarsda fəaliyyət göstərən texniki təmayüllü liseyin və şəhərdə yerləşən böyük prospektlərdən birinin Ulu Öndərimizin adını daşımasının türk xalqının Heydər Əliyevə tükənməz məhəbbətinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin həmişəyaşar adının Azərbaycan və Türkiyədə ehtiramla yad olunduğunu bildirən baş konsul əminliklə qeyd edib ki, xalqlarımız uzun illər Ulu Öndərimizin uzaqgörən siyasətinin nəticələrindən bəhrələnəcək, əziz xatirəsini həmişə ehtiramla yad edəcək.
Qars Qafqaz Universitetinin professoru, həmyerlimiz Rafiq İmrani və başqaları Ulu Öndərin uzaqgörən siyasi fəaliyyətinin nəticələrindən, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, eləcə də ölkələrimizin sərhəd bölgələrindəki sosial-iqtisadi dirçəlişi təmin edən siyasətin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

x x x

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Qarsdakı baş konsulluğun İğdır bölməsi tərəfindən də anım mərasimi təşkil olunub.
Tədbirdə İğdır vilayətinin valisi Davut Haner, müavinləri Muhlis Arslan, Mevlüd Özmen, Bilgehan Karanfil, İğdırın baş prokuroru Hacı Mustafa Yılmaz, vilayətin Polis İdarəsinin rəisi Yüksel Babal, Aralıq və Qaraqoyunlu rayonlarının bələdiyyə sədrləri, İğdır Ticarət və Sənaye Palatasının sədri və palatanın üzvləri, İğdırdakı digər dərnəklərin təmsilçiləri, burada yerləşən Heydər Əliyev adına Liseyin müəllim və şagirdləri, iş adamları, İğdır ictimaiyyətinin tanınmış nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları İğdır şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklil və qərənfillər qoyublar. Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri Serdar Ünsal türk dünyasının böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən danışıb.
Baş konsulluğun İğdır üzrə nümayəndəsi, vitse-konsul Fariz Cəfərov İğdırda fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqaları ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, onun təşəbbüsü ilə Azərbaycanın və Türkiyənin iqtisadi inkişafı üçün həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar.
Türkiyə mətbuatı hər iki mərasim barədə geniş məlumatlar yayıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: