Naxçıvanda yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə tanışlıq şagirdlərin marağına səbəb olub

26-03-2016, 08:00
727

http://www.azerbaijan-news.az/images/contents/7f4f5e62773e331d12123facf57cf3dc.jpg


"Ölkəmizi tanıyaq" tur-aksiyasının Bakı şəhərindən muxtar respublikaya gələn iştirakçıları Naxçıvan şəhərində yerləşən nüfuzlu ali təhsil müəssisələri ilə tanış olublar. "Naxçıvan" Universiteti və Naxçıvan Dövlət Universiteti ilə tanışlıq şagirdlərin marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, məktəblilər əvvəlcə "Naxçıvan" Universitetində olublar.
Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 9 kafedra, 5 şöbə var. 2015-ci il sentyabrın 15-də "Naxçıvan" Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.
Qeyd olunub ki, yaradılmış möhtəşəm şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. 2015-2016-cı tədris ilində universitetdə minə yaxın tələbə təhsil alır. İndiyədək universitetin 3245 məzunu olub. Bu tədris ilində universitetdə 13 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Naxçıvan Dövlət Universitetinin kampusu ilə tanışlıq zamanı şagirdlərə ali təhsil ocağı barədə ətraflı məlumat verilib. Bildirilib ki, universitetin 108 hektarlıq ərazisində 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, universitet xəstəxanası, baytarlıq klinikası, olimpiya idman mərkəzi, 2 stadion, müasir tipli tələbə evi yerləşir.
Qeyd olunub ki, hazırda ali təhsil ocağında 12 fakültədə 57 ixtisas üzrə 6 min nəfərə yaxın tələbə təhsil alır. Bu gün dünyanın 12 ölkəsindən 350-dən çox xarici tələbə universitetdə təhsilini uğurla davam etdirir. Bu ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi isə Azərbaycan ali məktəbləri üzrə ən irihəcmli layihədir. Ali təhsil ocağı Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir.
Diqqətə çatdırılıb ki, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi" layihəsinin nəticələrinə əsasən, Naxçıvan Dövlət Universiteti reytinq cədvəlində birinci yer tutub. Universitet möhkəm milli əsaslara malik, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali təhsil ocağıdır. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan universitet daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: