Uşaqların nağıl dünyası

1-04-2016, 16:30
525

http://www.azerbaijan-news.az/images/contents/fe1b490bd5b44510a16af53e57d16015.jpg


Aprelin 1-də Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Uşaq Ədəbiyyatı Günü münasibətilə rəsm sərgisi və "dəyirmi masa" keçirilib.
AZƏRTAC xəbər verir ki, "Uşaqların nağıl dünyası" adlı sərgidə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyinin üzvlərinin əl işləri nümayiş olunub.
Sərginin açılış mərasimində çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev 2 aprel – Beynəlxalq Uşaq Ədəbiyyatı Gününün bir çox ölkələrdə müxtəlif səviyyələrdə qeyd olunduğunu söyləyib. Bildirib ki, Azərbaycanda da uşaqların elmə, kitaba, rəsmə, ümumiyyətlə götürdükdə, yaradıcılığa olan meyilinin artırılması məqsədilə bu əlamətdar gün ölkəmizdə müxtəlif müəssisələr tərəfindən ənənəvi olaraq qeyd edilir.
Diqqətə çatdırıb ki, uşaqlar oxuduqları nağılların personajlarını rəsmə köçürüblər. Eyni nağılın personajlarına müxtəlif rakurslardan yanaşaraq, hər bir uşaq öz təxəyyülünü əks etdirib. Bildirib ki, əsərlərə baxdıqca uşaq dünyasının nə qədər rəngarəng olduğunu görmək olar. Rəsmlərin hamısında mülayimlik, insana məhəbbət əks olunub.
İsaxan Vəliyev bu tədbirin birbaşa biliklə, uşaqlarda kitaba marağın artırılması ilə bağlı olduğu üçün daha çox önəm kəsb etdiyini deyib.
Dövlət Uşaq Filarmoniyasının direktor müavini Samirə Əmiraslanova bildirib ki, sərgidə rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının 31 şagirdinin 120-dən artıq rəsm əsəri təqdim olunub.
"Bacarıqlı əllər" rəsm dərnəyinin artıq 2 ildir fəaliyyət göstərdiyini vurğulayan direktor müavini qeyd edib ki, dərnəkdə 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər. Bildirib ki, burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olurlar. Bununla da onların yaradıcılıq meyilləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Kollektivdə nəinki rəngkarlığın müxtəlif çalarları, eyni zamanda uşaqlara müxtəlif plastik materiallardan bədii tərtibatın hazırlanması da öyrədilir. Tez-tez uşaqların fəaliyyəti müddətində çəkilmiş əsərlərdən ibarət sərgilər keçirilir.
Sərgidə iştirak edən uşaqlara Bilik Fondu tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Daha sonra "Uşaq ədəbiyyatı – problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Bilik Fondu ilə Mərkəzi Elmi Kitabxana arasında olan qarşılıqla razılaşma əsasında Beynəlxalq Uşaq Ədəbiyyatı Gününə həsr edilmiş tədbirdə uşaq ədəbiyyatı yazarları – professor Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər və digərləri, həmçinin uşaqlar və valideynlər iştirak ediblər.
Müzakirələrdə uşaq ədəbiyyatının bu günü, müasir vəziyyəti, problemləri, perspektivləri barədə fikirlər söylənilib. Çıxış edənlər uşaqların bədii estetik zövqünün formalaşmasında uşaq ədəbiyyatı nümunələrinin rolunu vurğulayaraq bildiriblər ki, uşaq yazarları bu sahəyə diqqəti artırmalıdır.
"Dəyirmi masa"da yazarlar uşaq ədəbiyyatı nümunələrini səsləndiriblər.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: