Tərtərdə "Vətənin müdafiəsinə hazıram" mövzusunda tədbir keçirilib

30-04-2016, 15:30
426

http://s020.radikal.ru/i702/1604/8b/3c79f6ae43d9.jpg


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, "Vətənin müdafiəsinə hazıram" mövzusunda növbəti tədbir Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Kütləvi tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək təmas xəttində baş vermiş son hadisələrdən, gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb. Bildirib ki, işğal olunmuş torpaqlarımızın qaytarılmasına xalqın inamı olduqca yüksəkdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov cəbhədə düşmənin təxribatlarına Azərbaycan ordusunun cavabından danışıb. Bildirib ki, Ermənistan ordusunun cəbhədə ağır məğlubiyyətə uğraması düşmən ölkədə hərbi-siyasi vəziyyəti olduqca gərginləşdirib.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətənpərvərlik təbliğatı sahəsində həyata keçirilən tədbirlərin gənclərin milli ruhda inkişafına müsbət təsir etdiyini bildirib.

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qoşunların təmas xəttində son hərbi əməliyyatlardan sonra Azərbaycan Ordusunda böyük ruh yüksəkliyi yarandığını diqqətə çatdırıb.

Tədbirdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbir vətənpərvərlik mahnılarının mahir ifaçısı Ећəmistan Əlizamanlının ifasında konsert proqramı ilə davam edib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: